Azərbaycan yenə də öz xeyirxahlığını, yardımsevər siyasətini əks etdirdi, Prezidentin tapşırığı ilə İrana humanitar yardım — ərzaq, dərman və tibbi ləvazimat göndərdi. Əslində, Azərbaycan İrana bu yardımı daha əvvəlcə etməyi nəzərdə tuturdu, bu ölkədə baş verən son hadisələrdən narahatlığını ifadə edən Cənab Prezident İranın Bakıdakı səfirliyinə gedərək, dərin kədərini ifadə etdi, İran xalqına başsağlığı verdi, onların dərdinə şərik oldu. Bunun ardınca humanitar çətinliklərlə üzləşən insanlara dəstək göstəriləcəkdi, ancaq, İranın Naxçıvana qarşı terror aktından sonra, bu, dayandırıldı.

Prezident İlham Əliyevin Məsud Pezeşkian ilə martın 8-də baş tutan telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanması üçün bu xeyirxahalıq göstərildi. Beləliklə, bu dəstək bir daha Azərbaycanın kin saxlayan dövlət yox, çətin vəziyyətdə olana əl uzadan, arxa-dayaq olan dövlət olduğunu nümayiş etdirdi.

Azərbaycan əsil qonşuluq prinsiplərinən sadiq qaldığını göstərir, baxmayaraq ki, İrandan normal qonşuluq görməmişik. İran son 30 ildə ölkəmizin milli maraqlarına qarşı addımlar atıb, torpaqlarımız işğalda olanda və müharibə dövründə Ermənistana humanitar yardım adı ilə hərbi sursatlar göndərirdi. Ancaq, Azərbaycan bu ədalətsizliklərlə, qeyri-səmimi davranışlarla üzləşsə də, heç vaxt öz humanizminə, xoşməramlı dövlət mədəniyyətinə sadiq qalıb, hətta Fransa hökumətinin ən çirkin oyunlarına rəğmən, Noterdam kilsəsində baş verən hadisə zamanı ilk dəstək verənlərdən biri oldu.

Ermənistanla hələ sülh sazişi imzalanmayıb, ancaq bir ilə yaxındır ki, bu ölkəyə humanitar dəhliz açmışıq, zəruri mallar göndəririk.
Eləcə də, Fələstinə Azərbaycan uzun illərdir ki, yardım edir, ən zəruri dəstəklər verir. Qəzzaya 10 milyon dollardan çox maliyyə ayırıb. Heç bir ölkədə olmadığı halda, Fələstin muxtariyyətinin yeganə nümayəndəliyi Azərbaycandadır. Halbuki Fələstinin yüksək vəzifəli şəxsləri həmişə Ermənistanın yanında olduqlarını bildiriblər. Yaxud Suriyaya humanitar yardımlarını davam etdirir.

Bütün bu sadalanları xatırlatmaqla, Azərbaycanın sülhpərvər, xoşniyyətli dövlət olmasını, heç vaxt təmənna və siyasi mənfəət güdmədiyini, hətta ona düşmən münasibət sərgiləyən qonşusuna çətin anlarda köməyini əsirgəmidiyini vurğulamaq istərdim.

Cənab Prezident İlham Əliyevin haqlı olaraq dediyi kimi, İran tərəfinə dəfələrlə Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacağı çatdırılıb. Çünki bizim ölkəmizin mövqeyi bəllidir: Qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Bu, o deməkdir ki, Azərbaycan sözünə, vədinə əməl edən, söz ilə əməli bir olan dövlətdir.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.

araz.az xəbər portalı.