Arazpress.com Iran International-ın məlumatına əsasən bildirir ki, İsrailin hava zərbəsi nəticəsində yüksək rütbəli iranlı təhlükəsizlik rəsmisi Əli Laricani ilə yanaşı, Milli Təhlükəsizlik üzrə Ali Şurada onun müavini Əli Bateni və Laricaninin xüsusi köməkçisi kimi fəaliyyət göstərən oğlu da həlak olub.

Mənbələrin digər xəbərlərinə görə, “Bəsic”in toplantı yerinə endirilən İsrail zərbəsi nəticəsində təşkilat rəhbərinin müavini Kasem Koreyşi, “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymani də öldürülüb. Görüş İranda keçirilən fars bayramı Çaharşənbə Suri — “Atəşfəşanlıq çərşənbəsi” zamanı mümkün etirazlara qarşı tədbirlərin müzakirəsinə həsr olunmuşdu.

Yeri gəlmişkən qeyd edək ki, Əli Laricani Müctəba Xameneinin Ali Lider vəzifəsinə yüksəlməsinə qarşı çıxıb. İsrail tərəfindən qətlə yetirilən İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Ruhani Şurasını daha mülayim bir namizədi nəzərdən keçirməyə çağırıb. O, hesab edirdi ki, bu, İran ictimaiyyətinə və xarici hökumətlərə İranın kursunu dəyişdiyini, mərhum Ayətullah Xameneinin sərt siyasətindən imtina etdiyini bildirmək üçün bir yol olacaq. Siyasi analitiklər və beynəlxalq araşdırmaçılar hesab edirlər ki, Laricaninin ölümü, rejimin yaşaması üçün çeviklik göstərmək əvəzinə, taktikalarını gücləndirməyin lazım olduğuna inanan İslam İnqilabı Keşikçiləri Korpusundakı sərt xətt tərəfdarlarını və generalları olduqca çox cəsarətləndirəcək.

Alınan son məlumatlara görə, Laricaninin yerinə SEPAH tərəfindən yenisi təyin ediləcək. Sanki, hər sui-qəsdlə ABŞ və İsrail İran rəhbərliyinin daha da radikallaşmasını təmin edirlər. Bu, İran, iranlılar, region üçün qaranlıq bir gələcək yaradacaq və nəticədə, ABŞ-ın bölgədəki sonsuz münaqişədən ayrılmasını daha da çətinləşdirəcək.

Onu da qeyd edək ki, İsrail rəsmiləri son anda İranın nüfuzlu siyasi fiqurlarından biri olan Əli Laricaninin öldürülməsi ilə bağlı yeni detallar açıqlayıb və bu barədə onlar “İsrael Live” portalına məlumat verib. Onların sözlərinə görə, əməliyyatın uğurla həyata keçirilməsi son 24 saat ərzində Tehranda yaşayan sakinlərdən əldə edilən dəyərli kəşfiyyat məlumatları sayəsində mümkün olub. Toplanan belə məlumatlar hədəfin yerinin dəqiqləşdirilməsində mühüm rol oynayıb.

İsrail tərəfi iddia edir ki, Laricani son günlər davranışları ilə diqqət çəkib. O, tez-tez ictimaiyyət qarşısında çıxış edib, o cümlədən Qüds Günü tədbirlərində iştirak edib, yerli və beynəlxalq mediaya müsahibələr verib.

Rəsmilərin sözlərinə görə, bu aktivlik onun yerinin müəyyən edilməsini asanlaşdırıb və nəticədə əməliyyatın icrasına şərait yaradıb.

Açıqlamada həmçinin qeyd olunur ki, İsrail kəşfiyyat orqanları Tehrandan daxil olan məlumat axını davam edir. Xüsusilə SEPAH və Bəsic qüvvələrinin nəzarət məntəqələrinin yerləşdiyi ərazilərlə bağlı dəqiq informasiyaların əldə edildiyi vurğulanır.

Bu analizlərdə digər qeyd olunanlara görə, İranın son 20 — 30 ili Laricanilər deməkdir. Ailənin liderinin hədəf alınması anormal addımdır.

Buna baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahunun özü Laricaninin öldürülmə əmrini anbaan verib. Baş nazirin ofisi həmin vaxt onun telefonla danışdığını əks etdirən foto yayımlayıb. Foto son günlər İsrail lideri barəsində yayılan “ölüm” və “süni intellekt” iddiaları fonunda “Baş nazir Benyamin Netanyahu İran rejiminin yüksək vəzifəli rəsmi şəxslərinin öldürülməsi barədə əmr verir” sözləri ilə paylaşılıb.

Səməndər QURBANOV

 

araz.az xəbər portalı.