Dünən, iyunun 1-də Salyan rayonunun Sarvan kəndində Xüsusi Təyinatlı Qüvvələrin şəhid zabiti Aslan Əvəz oğlu İsmayılovun mövlud günü böyük ehtiram və qürur hissi ilə qeyd olundu. Bu böyük tədbirdə iştirak etmək mənim üçün həm mənəvi borc idi, həm də böyük qürur mənbəyi.

Əvvəlcə şəhidimizin məzarı ziyarət edildi, ruhuna dualar oxundu. Daha sonra Salyan rayon icra hakimiyyəti başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qənbər Həsənovun, başçının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Rasət Bağırovun, şəhid ailələri üzvlərinin, qazilərin, ziyalıların və digər ictimaiyyət nümayəndələrinin, habelə Bakı şəhərindən gəlmiş tanınmış jurnalist, filoloq, yazıçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Vətən Fatehləri” layihəsinin rəhbəri, Kanal F5-in təsisçisi və direktoru Fərqanə Məhyəddinqızının, Kanal F5-in xüsusi müxbiri Hicran Həsənovanın, Azərbaycan Respublikasının Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Hüquqlarının Müdafiəsi İctimai Birliyinin səlahiyyətli nümayəndəsi, tanınmış bloqer Nuranə Gözəlovanın və digər qonaqların iştirakçıları olduğu bu möhtəşəm tədbir İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbinin akt zalında davam etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə məktəbin 7 “A” sinfinin şagirdləri vətənpərvərlik ruhunda hazırlanmış çıxışlar təqdim etdilər. Şəhid Aslan İsmayılovun adını daşıyan sinif şagirdlərinin şəhidlərimizə həsr olunmuş şeirlərlə çıxışları maraqlı alındı. Xüsusilə şəhidimizin anası Gülbəniz ana ilə Aslan İsmayılov arasında qurulmuş dialoq əsasında hazırlanmış səhnəcik isə tədbir iştirakçılarına öz dərin təsirini bağışladı.

Tədbirin ən yaddaqalan məqamlarından biri Azərbaycanın sevilən ifaçılarından Zəminə Duyğunun ifasında səslənən, sözləri və musiqisi şairə və yazıçı Sevda İbrahimliyə məxsus olan “Əbədiyyət üfüqündə parlayan zərrə” mahnısı oldu. Mahnı iştirakçılar tərəfindən böyük alqışlarla qarşılandı.

Neftçala rayon Samit İmanov adına məktəbin və TELAN tədris mərkəzinin müəllimi Xəyalə xanımın hazırladığı Azərbaycanın üçrəngli, 16 metrlik Dövlət Bayrağı məktəbin həyətində nümayiş etdirildi. Bayraq “Əbədiyyət üfüqündə parlayan zərrə” mahnısının sədaları altında dalğalanaraq, tədbirə xüsusi ruh verdi.

Tədbir çərçivəsində şairə və yazıçı Sevda İbrahimlinin müəllifi olduğu “Əbədiyyət üfüqündə parlayan zərrə” kitabı təqdim edildi. Kitabın redaktoru və dizayneri kimi bu dəyərli əsərin ərsəyə gəlməsində iştirak etmək mənim üçün böyük məsuliyyət və şərəf olmuşdu. Kitab şəhid Aslan İsmayılovun həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Sevda xanıma bu möhtəşəm kitab üçün ayrıca təşəkkürümüzü bildiririk.

Daha sonra şəhidimizin ev muzeyi ziyarət edildi. Tədbirin sonunda isə şəhidimizin doğulub boya-başa çatdığı ocaqda valideynləri Əvəz İsmayılov və Gülbəniz ana tərəfindən təşkil olunan ehsan süfrəsində iştirakçılar bir araya gələrək, şəhidimizin əziz xatirəsini ehtiramla yad etdilər.

Bu nümunəvi tədbirin ərsəyə gəlməsində əməyi olan İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Nazənin İsmayılovaya, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Pərvanə Mehdiyevaya, Aslan İsmayılov adına 7 “A” sinfinin rəhbəri Vəfa Əzizovaya, tədbirin aparıcısı Zəhra Həsənliyə, Sarvan kənd icra nümayəndəliyinə, kənd axunduna və bütün təşkilatçılara dərin minnətdarlığımı çatdırıram.

Bu möhtəşəm tədbir həm də ona bir işarədir ki, şəhid Aslan İsmayılovun adı və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad və məkanları cənnət olsun, qəbirləri nurla dolsun!

Gülnarə CƏBİYEVA,
pedaqoq, TELANGROUP MMC-nin təsisçisi və direktoru.

 

 

 

araz.az xəbər portalı.