
Ermənistanda seçkilərə sayılı günlər qalıb. Həm bu ölkə, həm də region üçün mühüm bir proses olacaq. Seçkilərin nəticəsi Ermənistan-Azərbaycan sülh danışıqlarının gələcəyi, Türkiyə-Ermənistan normallaşma prosesi, Rusiyanın Cənubi Qafqaza təsiri, Avropanın enerji təhlükəsizliyi və s. kimi bir çox mühüm mövzuya dolayı təsir edəcək.
Lakin bir məsələ artıq dəqiqdir. Seçkilərdə qalibi də, məğlubu da Azərbaycan faktoru müəyyən edəcək. Əslində, Azərbaycan bu və ya başqa formada Ermənistan seçkilərinə müdaxilə etmir, belə bir düşüncəsi də yoxdur. Düzdür, seçkilər Bakıda da izlənilir, lakin birbaşa müdaxilədən söhbət gedə bilməz. Digər tərəfdən, Azərbaycanın Ermənistana hansısa hücum planı da yoxdur. Bakı İrəvanla sülh danışıqlarından məmnundur. Paralel olaraq delimitasiya və demarkasiya prosesi davam edir. Bir müddətdir vətəndaş cəmiyyəti nümayəndələrinin intensiv qarşılıqlı səfərləri həyata keçirilir.
Elə isə sual yaranır: Seçkilərdə qalibi də, məğlubu da Azərbaycan faktoru necə müəyyən edəcək?

Ermənistandakı seçki kampaniyasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları və mesajları gündəm yaradır. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və onun kimi digər revanşistlər açıq şəkildə Azərbaycan təhdidindən danışır, azərbaycanofobiyanı təbliğ edir. Baş nazir Nikol Paşinyanın da gündəmində Azərbaycanla münasibətlər və ehtimal risklər kimi mövzular var. Məhz buna görə demək olar ki, seçkinin qalibini Azərbaycan faktoru müəyyən edəcək.
Bir tərəfdən Bakı ilə əməkdaşlıq və sülhün faydalarından bəhs edən Paşinyan, digər tərəfdən isə ölkəmizi təhdid aləti kimi təqdim edərək seçiciləri qorxudub nəyəsə nail olmağa çalışan Köçəryan və revanşistlər var. Subyektiv yanaşmam belədir ki, Paşinyan və komandası seçkidə qalib gələcək. Çünki daha orijinal və rəngli kampaniya aparırlar. Bundan başqa, vədləri erməni cəmiyyətinin maraqlarına uyğundur. Yəni İrəvan Avropa İttifaqına (Aİ) üzv ola bilməsə belə, bu vədin xalqa verilməsi Köçəryanın Azərbaycan “təhlükəsi”ndən danışmasından, nicatı Rusiyada görməsindən daha xoş səslənir.
Həmçinin Paşinyanın hakimiyyəti dövründə başlayan və uğurla davam edən bir sülh prosesi var. Bu prosesin bir də Türkiyə xəttinə diqqət edilir. Yəni reallığın çəkisi Paşinyanın xeyrinədir. Əslində, Robert Köçəryan və digər revanşistlərin israrla seçki kampaniyasını Azərbaycan təhdidi üzərində qurması təəccüblü deyil. Qorxurlar ki, seçkidə məğlubiyyətdən sonra Paşinyan onları bu və ya hansısa formada həbs edib Azərbaycana qaytaracaq.
Azərbaycan tərəfi hazırda belə bir tələblə çıxış etməsə də, imkan yaranacağı təqdirdə bu məsələyə qayıdacağı açıqdır. Məsələn, 44 günlük müharibə zamanı Köçəryan, həmçinin keçmiş prezident Serj Sərkisyan və sabiq müdafiə naziri Seyran Ohanyan Qarabağa gəlmişdi. Azərbaycan tərəfi onların yerini bilirdi və həbs etməyə hazırlaşırdı. Amma Rusiya kəşfiyyatından bu haqda xəbərdarlıq alan Köçəryan, Ermənistana qaçdı. Onun ardınca Sərkisyan, Şuşanın azad olunması ərəfəsində isə Ohanyan da Qarabağdan qaçdılar.
Yəqin ki, adı çəkilən şəxslər Azərbaycana birmənalı şəkildə təslim edilməyəcəklər. Lakin ortaq bir məhkəmə prosesi ilə mühakimə edilib həbs oluna bilərlər.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.
araz.az xəbər portalı.