Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışında deyib ki, Azərbaycanın İsraillə yaxşı münasibətləri var. Bununla yanaşı, biz burada prinsiplərdən də geri çəkilmirik. Həmişə demişik ki, Fələstin məsələsi ilə bağlı ikidövlətli həllin, həmçinin Şərqi Qüdsün Fələstinin paytaxtı olmasının tərəfdarıyıq.

“İsrailli dostlarımız da Azərbaycanın prinsipial mövqeyini bilirlər. Eyni şəkildə, iranlı qonşularımızla danışarkən bildiririk ki, biz mehriban qonşuluq münasibətlərinə və bir-birimizin daxili işlərinə qarışmamaq prinsipinə tam hörmət edirik. Həmçinin Azərbaycanın suveren ərazisindən qonşularımızın hər hansı birinə qarşı hər hansı fəaliyyət həyata keçirilməsi mümkün deyil. Çünki Azərbaycan üçün də ölkə ərazisində heç bir xarici hərbi mövcudluğun olmaması prioritetdir”, – deyə o əlavə edib.

H. Hacıyevin açıqlaması indiki məqamda mühümdür. Aydın məsələdir ki, Azərbaycan-İsrail münasibətləri qonşularımız İran və Türkiyəni narahat edir. Əslində, Ankara və Tehranın narahatlığı bir-birindən fərqlidir. Yəni Tehran daha çox Təl-Əvivin Azərbaycanda hərbi kontingentinin olması, ya da şimaldan hücumlar üçün istifadə etməsindən narahatdır. Ankara isə Bakının Təl-Əvivlə münasibətlərini özünün xarici siyasətinə və bütövlükdə Fələstin siyasətinə zidd görür.

Lakin qonşularımız və müttəfiqlərimizin narahatlığına baxmayaraq, Azərbaycanın yanaşması dəyişməzdir. Əvvəla, H. Hacıyevin də dediyi kimi, Azərbaycanın suveren ərazisindən qonşularımızın hər hansı birinə qarşı hər hansı fəaliyyət həyata keçirilməsi mümkün deyil.

Bu və ya başqa formada İsrailin belə bir istəyi olsa belə, Azərbaycan bunu qəbul etməz. Digər tərəfdən, bu, Azərbaycanın Konstitusiyasına ziddir.

Azərbaycanın tələbi də açıq və aydındır. H. Hacıyevin dediyi kimi: “Qonşularımızla danışarkən bildiririk ki, biz mehriban qonşuluq münasibətlərinə və bir-birimizin daxili işlərinə qarışmamaq prinsipinə tam hörmət edirik”.

Yəni Azərbaycan ondan İsrail ilə münasibətlərini kəsmək kimi absurd gözləntidə olmaq yerinə bu siyasətin düzgün başa düşülməsini gəzləyir.

Turan RZAYEV,
politoloq

araz.az xəbər portalı.