Son illərdə texnologiyanın, xüsusilə internetin sürətli inkişafı insanların həyat tərzində köklü dəyişikliklərə səbəb olub. Bu dəyişikliklər rahatlıq, məlumat əlçatanlığı və ünsiyyət imkanlarını artırsa da,  insanların bir-birindən uzaqlaşmağıyla nəticələnib. 

Əvvəllər insanlar arasında fiziki ünsiyyət daha sıx idi. Ailə üzvləri, yaxın qohumlar bir-birinin evinə qonaq gedər, hal-əhval tutar, çay süfrəsi arxasında saatlarla söhbət edərdi. Bu görüşlər yalnız mədəni bir ənənə deyildi, eyni zamanda insanlar arasında mənəvi bağları möhkəmləndirirdi. Lakin indi bu görüşlər qısa telefon zəngləri, emoji ilə göndərilən salamlar və ya sosial şəbəkələrdə paylaşılan, təbriklər və  statuslarla əvəz olunub.

Ən ağrılı məqam isə bu uzaqlaşmanın ailədaxili münasibətlərə də sirayət etməsidir. Bəzən ana ilə övlad, bacı ilə qardaş illərlə bir-birinin evinə getmir, yalnız virtual aləmdə “onlayn” olduqlarını bilirlər. Halbuki fiziki ünsiyyətin yaratdığı ünsiyyət , birgə vaxt keçirməyin gətirdiyi bağlılıq heç bir mesajla əvəzlənə bilməz.

İnternetin təqdim etdiyi süni yaxınlıq hissi, əslində, insanları təkliyə sürükləyir. İnsanlar virtual məkanda yüzlərlə “dost”la əhatə olunsa da, real həyatda tək qalır. Bu da depressiya, sosial narahatlıq və emosional boşluq kimi psixoloji problemlərin artmasına yol açır.

Bu prosesin qarşısını almaq üçün nə etməliyik? Hər şeydən əvvəl, texnologiyanı balanslı istifadə etməyi öyrənməliyik. İnterneti informasiya, təhsil və iş üçün faydalı vasitə kimi istifadə edərkən, insani əlaqələrimizi də qorumağa çalışmalıyıq. Qohumlara baş çəkmək, dostlarla görüşmək, ailə içində birgə vaxt keçirmək kimi ənənələri inkişaf etdirmək lazımdır.

Unutmayaq ki, texnologiya inkişaf etdikcə, insanın insana olan ehtiyacı azalmır – əksinə, daha da artır. Çünki süni zəka nə qədər inkişaf etsə də, bir baxışın, bir qucağın, bir təbəssümün yerini heç vaxt nə verə bilməz. /Savalan TALIBLI, analoq.az/

araz.az xəbər portalı.