Abşeronda tikinti işbazları rayonun icra başçısı Abdin Fərzəliyevə arxayın olub, özbaşınalıqlarını davam etdirirlər. Arazpress.com bildirir ki, onlar indi də Xırdalan şəhərində hamının mərkəzi yol kimi tanıdığı Heydar Əliyev prospektinin üstündə obyekt tikintisi aparmaq üçün qanunsuz söküntü işləri həyata keçirirlər.

Bu barədə aldığımız məlumata görə, bir-neçə gündür Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən «AAAF Park» yaşayış kompleksinin iki addımlığında davam etdirilən bu söküntü işlərinə icra başçısı Abdin Fərzəliyevin özü əlverişli şərait yaradıb.

Məlumatda daha sonra bildirilir ki, söküntü və qazıntı işləri aparılması üçün Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyindən icazə də yoxdur. Həmçinin ərazidə şəhərsalma və tikinti qanunvericiliyinə aid tələblər də kobud şəkildə pozulur. Bununla yanaşı, icra başçısının xeyir-duası müqabilində məzrkəzi yolun üstüdə dövlətin puluyla salınan səki belə dağıdılaraq, söküntü və tikinti gedən əraziyə qatılıb. Paytaxt.org-un əməkdaşlarının lentə aldığı və bu yazıda diqqətinizə çatdırdığımız foto-görüntülər də deyilənləri özündə əks etdirir.

Xülasə, sonda qəti şəkildə onu da bildiririk ki, Abdin Fərzəliyev gözlənildiyi kimi nə əhalinin, nə dövlətin etimadını doğrultmur – Nərimanov rayonunda necə idisə, Abşeronda da eyni tərzdə rəhbər fəaliyyətini davam etdirir. Fərq yalnız bundadır ki, Nərimanov mərkəzi rayon idi, hər yeri satmaq olmurdu, amma satanda da çox baha qiymətə tikintiyə sərəncam verilirdi. Abşeron isə gözdən iraq yerdi deyə, başçı Masazır, Xırdalan və digər yaşayış ərazilərində istədiyi yeri, istədiyi kimi satır.

Ümumiyyətlə, gedişatdan görünən odur ki, Abdin Fərzəliyev Abşeron əhalisi üçün həqiqətən də heç bir iş görmür. Kabinetdə görüşlər keçirməklə, özünü ölkə başçısına və yerli sakinlərə “xidmət edən” məmur kimi göstərir.

Yazının tezliklə davamı olacaq. Bizi izləməyi unutmayın.

Səməndər QURBANOV,

araz.az xəbər portalı.