Hazırda həbsdə olan jurnalist Əvəz Zeynallının səhhəti ilə bağlı azadlığa buraxılması üçün keçiriləcək məhkəmə iclasının vaxtı bilinəndə, saytların əksəri xəbəri “Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər” başlığı altında yaydı.

Amma məhbus jurnalistin xanımı Məlahət Zeynallının sosial şəbəkədə yazdığından belə aydın olur ki, Ə. Zeynallı o tarixdə azadlığa çıxmaya da bilər.

Arazpress.com xatırladır ki, Ə.Zeynallının səhhəti ilə əlaqədar cəzadan azad edilməsi barədə ərizəyə aprelin 24-də Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.

M. Zeynallı qeyd edir ki, aprelin 24-nə təyin olunan məhkəmədən əvvəl Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi həkimlərdən ibarət konsilium təşkil etməli və ümumi rəy hazırlayaraq məhkəməyə verməlidir: “Əks təqdirdə hakim Nigar Qədirli buna görə prosesi daha bir həftə uzada bilər”.

Belə bir halla qarşılaşmamaq üçün M. Zeynallı hakim N. Qədirlini səlahiyyətlərindən istifadə edərək həmin arayışı Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən tələb etməyə çağırıb.

“Xural” Media Qrupunun rəhbəri Ə.Zeynallı 2022-ci il sentyabrın 10-dan həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi onu rüşvət almada, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmədə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edilib, daha sonra cəzası iki ay azaldılıb.

2025-ci ilin martında Ə.Zeynallıda xərçəng xəstəliyi aşkarlanıb. Bağırsağında olan bədxassəli şişin artıq metastaz verdiyi, qara ciyərə yayıldığı bildirilir. Bunu nəzərə alaraq bir qrup hüquq müdafiəçisi və media nümayəndəsi Ə.Zeynallının azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib. Eyni zamanda vəkillər Fəxrəddin Mehdiyev və Rəşad Əliyev Ə.Zeynallının xəstəliyi ilə əlaqədar cəzadan azad edilməsi məqsədilə məhkəməyə üz tutublar.

Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər. “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin siyahısı”na bütün bədxassəli şişlər daxildir. /Toğrul Əli, medianews.az/

araz.az xəbər portalı.