
Arazpress.com-un öncədən verdiyi xəbərə görə, Beynəlxalq Diaspor Mərkəzinin və Qərbi Azərbaycan İcmasının Paşalı Rayon İcmasının birgə təşkilatçılığı ilə, “Torpaqlarımızın azadlığında Aprel Zəfəri” mövzusunda keçirilən tədbirlərə yüksək hazırlıq görülüb. Dünən isə tədbir iştirakçıları 1918-ci ilin aprel ayında xalqımızın azadlığı uğrunda qəhrəmancasına vuruşaraq, canını fəda etmiş və şəhid olmuş Qafqaz İslam Ordusunun naməlum döyüşçüsünün şərəfinə Bakı — Şamaxı avtomobil yolunun kənarında ucaldılmış abidəni ziyarət ediblər.
Öncə iştirakçılar at üstündə əllərində Azərbaycan, Türkiyə və İrəvan xanlığının bayraqlarını dalğalandıran gənclərin müşayiəti ilə, həmçinin səsləndirdikləri mübarizə şüarlarıyla abidəyə sarı yürüş keçiriblər. “Mehtər marşı” sədaları altında yürüş keçirənlər qəhrəman əsgərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzüb, dualar oxuyub və şəhidlərə dərin ehtiramlarını ifadə edən
vətənpərvərlik ruhunda şüarlar səsləndiriblər.
Sonra tədbirin çıxışlar hissəsi başlayıb. Giriş nitqi ilə mikrofona yaxınlaşan Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev iştirakçıları salamlayaraq, bildirib ki, bu tədbirin əsas məqsədi həm də torpaqlarımızın azadlığı uğrunda canından keçmiş mübariz şəhidlərimizin ruhunu yad etməkdir.
İsmayıl Ağayev tədbir iştirakçılarını şəhidlərimizin xatirəsini anmaları üçün bir dəqiqəlik sükuta dəvət edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib.
İsmayıl Ağayev öz çıxışında ermənilərin dünyaya təqdim etməyə çalışdığı saxta “erməni soyqırımı” iddialarının tamamilə əsassız olduğunu vurğulayaraq, əslində, onlar tərəfindən türk xalqına qarşı soyqırımı və terror aktlarının həyata keçirildiyini qeyd edib. Onu da deyib ki, bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, tarixi ədaləti bərpa etmək Beynəlxalq Diaspor Mərkəzinin və Qərbi Azərbaycan İcmasının əsas vəzifələrindən birinə çevrilib.
İsmayıl Ağayev əlavə olaraq onu da deyib ki, bu gün Qərbi Azərbaycan İcması millət vəkili Əziz Ələkbərlinin rəhbərliyi altında bu yöndən çox böyük və təqdirəlayiq işlər görür. “Diaspor qurumu olaraq, bizim təşkilat da, İcma ilə imzalanan ortaq protokola əsasən, həyata keçirilən bütün işlərə öz layiqli dəstəyini verir,” – deyə, sədr bildirib.
Sonra söz Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Paşalı Rayon İcmasının sədri, dosent Faiq Xudayevə verilib. O, öncə tədbirə verdikləri dəstəyə görə Qərbi Azərbaycan İcmasının rəhbərliyində olan dəyərli şəxsiyyətlərə minnətdarlığını və tədbir iştirakçılarına Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin salamlarını çatdırıb.
Faiq Xudayev öz çıxışında xüsusi olaraq onu da vurğulayıb ki, ermənilər tərəfindən uydurulmuş saxta soyqırımı iddiaları məhz aprel ayında ortaya atılıb. Lakin Azərbaycan xalqı bu ayı Aprel Zəfəri ilə xatırlayır və tarixin yaddaşına həkk edib. Bu şanlı zəfər torpaqlarımızın işğaldan azad olunmasında mühüm tarixi mərhələdir.
Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni, Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvləri Zaur İbrahimli və Fariz Əkbərov, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Paşalı Rayonunun İstisu İcmasının sədri, filologiya üzrə fəlsəfə doktoru Alı Əliyev, Sabunçu Rayon İcmasının sədri Ələmdar Nəbiyev, Beynəlxalq Diaspor Mərkəzi sədrinin birinci müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Ceyhun Şakiroğlu, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev, BDM Gənclər Departamentinin rəhbəri Ramal İsmayılov, Paşalı Rayonunun Terp İcmasının fəal üzvü, şair İnqilab Dərələyəzli və başqaları da tədbirdə çıxış edərək, keçirilən belə tədbirlərin müstəsna əhəmiyyətini xüsusi vurğulayıblar. Xüsusi olaraq onu da qeyd ediblər ki, Aprel Zəfəri yalnız hərbi uğur deyil, həm də milli birliyin və Azərbaycan — Türkiyə qardaşlığının təntənəsidir.
Məhz bu səbəbdən, belə tədbirlər gənc nəslin vətənpərvər ruhlu tərbiyəsində mühüm rol oynayır. Üstəlik, Ermənistan tərəfindən illərdi aparılan saxta soyqırımı təbliğatına qarşı türklərin və azərbaycanlıların haqq səslərinin tanınmasında önəmi böyükdür. Çünki Aprel döyüşləri və Qafqaz İslam Ordusunun qəhrəmanlığı bu saxta iddialara tutarlı cavab kimi tarixə düşüb.
Çıxış edənlər həmçinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına dəstəklərini ifadə edərək, bu istiqamətdə fəaliyyətlərini yorulmadan və hərtərəfli davam etdirəcəklərini bəyan ediblər.
Tədbirin rəsmi hissəsindən sonra iştirakçılar “Təklə” restoranında təşkil olunmuş ziyafətdə bir araya gəliblər. Məclis yüksək milli ruhda keçib. İştirakçılar İrəvan xanlığının bayraqları altında milli rəqslər ifa ediblər.
Tədbirin bədii hissəsində müğənni Rəşad İdrisoğlunun gözəl ifası tədbir iştirakçılarına xüsusi ruh verib. O, xalq mahnılarından “Üç ayaq”, “Yallı”, “İrəvanda xal qalmadı”, “Dərələyəz” və digər mahnıları səsləndirərək, məclisə xüsusi rəng qatıb. Onun ifası təkcə musiqi baxımından deyil, həm də verilən mesaj və yaradılan milli ruh baxımından tədbir iştirakçılarına öz dərin təsirini bağışlayıb, tədbirin ab-havasını daha da zənginləşdirib.
Milli həmrəylik və tarixi yaddaş baxımından dəyərli və mənalı şəkildə yadda qalacaq bu önəmli tədbirin sonunda, iştirakçılar onun yüksək səviyyədə təşkilinə görə məmnunluqlarını ifadə edərək, təşkilatçılara dərin təşəkkürlərini çatdırıb və xatirə şəkli çəkdiriblər.
Səməndər QURBANOV,
Nadir HƏSƏNOV,
araz.az xəbər portalı.