
Azərbaycan Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illik yubileyi ilə bağlı toplantı keçirilib. Bu barədə Şuradan Arazpress.com-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, yubilyar qəzet və eyni adlı informasiya agentliyi fəaliyyətə başladığı ilk günlərdən populyarlıq qazanıb, ictimai fikrin müntəzəm yayım platformasına çevrilib.
“Olaylar”ın insanların mətbu sözə ehtiyac duyduğu bir vaxtda meydana atıldığını diqqətə çatdıran R. Məcid əlavə edib ki, nəşrin tez bir zamanda böyüyən kollektivi işə məsuliyyətli yanaşma tərzi ilə bu ehtiyacı qarşılamağı bacardı. Nəticədə media orqanı informasiya agentliyi olaraq təkcə ölkəmizdə deyil, xaricdə də mühüm istinad mənbəyinə çevrildi ki, bu, ötən illərin qürur dolu xatirəsidir.
R. Məcid onu da bildirib ki, bu günün “Olayları” oxucuların müntəzəm görüşünə gələn, özünün dəst-xətti ilə seçilən milli mətbuatımızın şanlı ənənələrinə sadiq jurnalistika məktəbidir. Bu yüksək statusun əldə edilməsində nəşrin baş redaktoru, çoxşaxəli yaradıcılıq diapazonu ilə seçilən, tarixi romanlar müəllifi Yunus Oğuzun xidmətləri misilsizdir. Y. Oğuz ölkəmiz üçün ən çətin zamanda mətbu sözün cəmiyyət həyatındakı rolunu əməli fəaliyyəti ilə sübuta yetirmiş istedad sahibi, jurnalistikanın ölkəmizə qazandırdığı dəyərli ziyalıdır.
MŞ sədri hazırda “Olaylar” Media Qrupu kimi fəaliyyət göstərən strukturun Y. Oğuzun yaradıcı yanaşmasının şah əsəri olduğunu bildirib və Mətbuat Şurasının “Olaylar” qəzetinə diplomunu ona təqdim edib. Toplantıda uzun illərdir yubilyar nəşrdə fəaliyyət göstərən Fatma Abbasquliyevaya da Şuranın diplomu təqdim olunub.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, fəaliyyətə başlamasının 30 illiyi qeyd edilən “Olaylar” özündə dərin mətbu yaddaşı əks etdirən, müstəqillik illərinin salnaməsini yaradan media orqanlarımızdandır. Qazandığı yüksək status isə onu həm də cəmiyyətin azad düşüncə tribunası kimi qiymətləndirməyə əsas verir.
Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli və Bayraqdar Medianın baş redaktoru Azər Həsrət, həmçinin akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, yazıçı-publisist və dramaturq Kamran Nəzirli, publisist-nasir Şəmil Sadiq, yazıçı Varis Yolçuyev, “Olaylar” qəzetinin baş redaktor müavini F.Abbasquliyeva, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, “Crossmedia.az” saytının baş redaktoru Mübariz Göyüşlü, vaxtilə nəşrdə çalışmış jurnalistlər – Elman Cəfərli, Natavan Bayramova, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz, şair-jurnaist Faiq Balabəyli və başqaları bildiriblər ki, ötən müddətdə əsl jurnalistika məktəbi kimi fəaliyyət göstərən “Olaylar” yalnız qələm sahiblərinin deyil, eyni zamanda, ölkəmizin dəyərli ekspert və mütəxəssislərinin yetişməsində də mühüm rol oynayıb.
Çıxış edənlər hər zaman dövlətçilik xəttinə sadiq “Olaylar”ın hazırda da eyni missiyanı layiqli şəkildə daşıdığını, ölkəmizdə ictimai fikrin formalaşmasında oturuşmuş mövqeyə sahib olduğunu, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların etibarlı söz tribunası olaraq tanındığını vurğulayıb, xatirələrini bölüşərək təbriklərini çatdırdılar. Ayrı-ayrı çıxışlarda yubilyar nəşrin keçdiyi yolun gələcək üçün möhkəm baza və etibarlı təminat yaratdığına dair fikirlər səslənib, bu istiqamətdə müvafiq əsaslandırmalar aparılıb.
Sonda çıxış edən “Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Y. Oğuz toplantı iştirakçılarına təşəkkürünü dilə gətirib. O, yubilyar media orqanının hazırkı mövqeyə yiyələnməsində kollektivin hər bir üzvünün əməyinin olduğunu deyib, “Olaylar”a verilən dəyərdən məmnunluğunu ifadə edib. Y. Oğuz “Olaylar” ailəsinin qarşıdakı müddətdə də ənənələrinə sadiq şəkildə fəaliyyət göstərəcəyinə inandığını bildirib.
araz.az xəbər portalı.