Ötən il 4 556 nəfər Azərbaycan vətəndaşı yaşamaq üçün Gürcüstana köçüb. Bu ölkənin rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən Arazpress.com xəbər verir ki, Azərbaycanda yaşamaq üçün Gürcüstandan köçənlərin sayı isə 2 209 nəfər olub.

Qeyd edək ki, ötən il Gürcüstanda yaşamaq üçün xarici ölkələrdən ümumilkdə 135 min 811 nəfər köçüb. Eyni zamanda, 121 min 425 nəfər Gürcüstanı tərk edərək, başqa ölkələrə gedib.

Gürcüstan pasportundan imtina edib, Azərbaycan vətəndaşlığı alanların sayı da açıqlanıb. Ötən il Gürcüstanda 1 592 nəfər ölkə vətəndaşlığını itirib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatından məlum olur.

Sənədə əsasən, Gürcüstan vətəndaşlığından məhrum olunmanın səbəbi digər ölkə vətəndaşlığının alınması olub.

İllik müqayisədə Gürcüstan vətəndaşlığını itirənlərin sayı 57 faiz azalıb.

2024-cü ildə Gürcüstan vətəndaşlığına xitam verilənlər arasında Rusiya vətəndaşlığı alanlar (802 nəfər) üstünlük təşkil edib.

Hesabat dövründə 8 nəfər Azərbaycan vətəndaşlığını aldığına görə Gürcüstan vətəndaşlığını itirib. 2023-cü ildə isə bu say 11 təşkil edib.

Ötən il Gürcüstan vətəndaşlığı alanların sayı isə 3 587 nəfərə bərabər olub. Həmin şəxslərin arasında ilk yeri Rusiya vətəndaşları (2 361 nəfər) tutub. İkinci yerdə Almaniya (251 nəfər), üçüncü yerdə isə Ukrayna (175 nəfər) vətəndaşlarıdır.

araz.az xəbər portalı.