Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Emil Maqalovun “Şərur MTK”-dan kreditlə götürdüyü mənzil başqasına satılır.

Arazpress.com xəbər verir ki, bu barədə təşkilat sədri özü məlumat verib. Bildirib ki, şirkət mənzilin kreditinin ödənməsinə az bir müddət qalmış onu başqasına satmağı qərarlaşdırıb:

“Şərur MTK”-dan aldığım evin kreditindən 3 ay gecikdirmə var. Adətən 2-3 aylıq krediti bir yerdə ödəyirdim. Ödəniş də nağd, əldən-ələ həyata keçirilirdi. Bu vaxta qədər bu barədə heç kim mənə irad bildirməyib, söz deməyib.

Hazırda da eyni qayda ilə “Şərur MTK”-ya 3 ayın pulunu ödəməyə gəlmişdim. Ancaq mənə dedilər ki, 2 ay gecikmə olduqda ev digər şəxsə satılır”.

Emil Maqalov deyib ki, şirkət ilə bağlanan müqavilədə gecikmə ilə bağlı bənd olsa da, lakin 3 il ərzində ödəmə eyni qayda ilə, 3 aylıq kreditin birdən ödənilməsi ilə həyata keçirilməsi zamanı ona heç bir etiraz, irad bildirilməyib:

“Maraqlıdır ki, bunu əvvəlki illərdə, 3 ildir eyni qayda ilə ödədiyim zaman niyə demirdilər? 3 ildir ki, mənzilin kreditini 2-3 aydan bir ödəyirdim”.

Emil Maqalov deyib ki, mənzil kreditinin tam bitirməsinə 6000 manat borc qalıb:

“İndi deyirlər ki, mənzili başqasına sata bilərik. Bildirirlər ki, evi alanda, yəni 2022-ci ildə mənzilin 1 kvadrat metri 650 azn idi. İndi 1250 azndir. Evə ödədiyim məbləği, yani 1 kvadrat metrə üçün 650 azndən qaytarmaq şərti ilə evi əlimdən alır və ya 43000 cərimə yazırlar”.

Təşkilat sədri məsələ ilə bağlı İsfəndiyar Axundovun özü ilə görüşsə də, tikinti maqnatı problemi güc yolu, vətəndaşın evini əlindən almaq üsulu ilə yoluna qoymağa üstünlük verdiyini deyib.

araz.az xəbər portalı.