
Azərbaycan Mətbuat Şurasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüş keçirilib.
Arazpress.com bildirir ki, səfirin Şuranın İdarə Heyətinin üzvləri ilə tanışlığı məqsədi daşıyan və Türkiyə Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilirin də qatıldığı görüşdə MŞ sədri Rəşad Məcid qardaş ölkənin ali səviyyəli diplomatik nümayəndəsini rəhbərlik etdiyi qurumla, onun beynəlxalq ələqələri ilə bağlı məlumatlandırıb.
R. Məcid bildirib ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda ortaq mövqedən çıxış edir və mövcud tendensiyanın hər iki ölkənin media orqanlarının iş prinsiplərinə də təsirini göstərməsi sevindiricidir, mövcud amil gələcəyə daha nikbin baxmağa əsas yaradır. MŞ sədri bu baxımdan diqqətçəkən cəhətlərdən söz açaraq vurğulayıb ki, müştərək maraq və mənafelərin jurnalistika müstəvisində də qorunması strateji əhəmiyyət daşıyan məsələdir.
Səfir B. Akgün çıxışında Türkiyənin media təcrübəsinə dair məlumatını bölüşüb. O, eyni zamanda, rəhbərlik etdiyi diplomatik missiyanın Azərbaycan jurnalistləri ilə əlaqələrindən söz açıb, media amilinin dövlət siyasətlərinin məzmununda oynadığı rolu qabardıb. B. Akgün, həmçinin, ümumən Səfirliyin ölkəmizin ictimai sektoru ilə təmaslara böyük önəm verməsinin müxtəlif tərəflərinə dair baxışlarını açıqlayıb.
Görüşdə Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, Milli Məclisin deputatı, “İki sahil qəzeti”nin baş redaktoru Vüqar Rəhimzadə, Bayraqdar Media-nın rəhbəri Azər Həsrət, politoloq Yeganə Hacıyeva, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları Türkiyənin və Azərbaycanın mediası orqanlarının müştərək fəaliyyətlərinin gücləndirilməsinə yönələn təşəbbüslərini səsləndiriblər.
Toplantıda qarşılıqlı informasiya mübadiləsinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalı.