
Prezident Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da Laçın şəhərinə həyata keçirilmiş səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloqlar, siyasi şərhçilər, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər.
Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Laçın şəhərində iştirakçılar qarşısında çıxış edərək, ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verib.
Arazpress.com əməkdaşının səfərlə bağlı təəsüratlarını öyrənmək üçün müraciət etdiyi AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov sualımıza cavab olaraq bildirib ki, həmin tədbirə dəvət edilmədiyindən baş verənlərdən məlumatsızdır:
“Mən bilmirəm dəvət olunanlar, partiya nümayəndələri, politoloqlar, siyasi şərhçilər hansı kriteriyalarla və necə müəyyənləşdirilib, tərkibə daxil edilirlər. Görünür, burda da şəxsi əlaqələr və münasibətlər, yaxud da mənə məlum olmayan hallar önəmli rol oynayır. Bütün bunlara rəğmən hesab edirəm ki, belə səfərlər və tədbirlər davam etdirilməlidir.
Prezident İlham Əliyevin başlatdığı milli həmrəylik, siyasi dialoq mühiti sabitlik və dayanıqlı inkişafın zəmanətidir. Ona görə hesab edirəm ki, cəmiyyətdə uzun illərdən bəri kök salmış siyasi qıcqanclıq, ideya və fikir müxtəlifıiyinə görə qısnamaların tam aradan qaldırılması üçün, həmçinin iqtidar-maxlifət düşərgəsi arasında münasibətlərin sivil məcraya yönəldilməsi baxımından bu kimi görüşlərin, səfər və müzakirərin keçirilməsində fayda var”.
Əli HÜSEYN,
araz.az xəbər portalı.