Aslan İSMAYILOV,
hüquqşünas.

Son vaxtlar ölkəmizdə baş verənlər onu göstərir ki, ölkə daxilində sabitlik olsa da bunu pozmağa yönəlmiş ciddi cəhdlər var və açıq aşkar bu cəhdlərin qonşu Rusiya və İrandan qaynaqlandığı görünür.

Baş verən hadisələrin bu gün dünyada gedən çox ciddi hadisələrdən qaynaqlandığı və ölkə Prezidenti İlham Əliyevin var gücü ilə müstəqilliyimizi qorumağa, yenidən hansısa güc mərkəzinin təsir dairəsinə düşməsinə imkan verməməyə çalışması ilə bağlıdır. Rusiyanın bütün ciddi cəhdlərinə, ard-arda emissarlarının ölkə Prezidentinin 9 May tədbirində iştiraka dəvət etməsi üçün Bakıya gəlmələri və bunun nəticəsiz qalmasının özünü bölgədə hegemon hiss edənlərin ciddi narazılığına səbəb olacağı gözlənilən idi.

Ona görə də İmişlidə Rusiyanın imperiya atrubutlarının həyasızcasına nümayiş etdirilməsi, buna bəzi nökərlərin dəstək olması (Türkiyə bayrağı dalğalana bilər, niyə Rusiya bayrağı dalğalanmasın), Gəncədə gənc Elgün İbrahimovun faciəsi və dərhal bu ölüm hadisənin heç vaxt olmadığı kimi tirajlanması, bu işə İran xüsusi xidmət orqanlarının ölkə daxilində və Azərbaycandan xaricdə yaşayan əməkdaşlarının qoşulması çox ciddi işarədir. Xüsusilə, xaricdən videogörüntü ilə Azərbaycana yayımlanan, guya Gəncədə polisin insan orqanları alveri ilə məşğul olması kimi sərsəm, ancaq əhalidə ciddi təşviş yaradan videoların təsadüfi olduğuna inanmıram.

Mən şəxsən polisimizdən hər bir qanunsuzluq gözləyirəm, ancaq xarici kəşfiyyat əməkdaşlarının irəli sürdüyü cəfəngiyyatın olmasını qətiyyətlə istisna edirəm. Ona görə də tək polis orqanları yox, bütün hüquq-mühafizə orqanlarının Elgünün tanınmaz hala salınan cəsədinin arxasında gizlənən səbəblərin tezliklə açılmasını təmin edəcəklərini gözləyirəm. Bu sahədə aparılan işlər barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verilməsi çox vacibdir.

Yuxarıda sadaladığım hadisələrin baş verdikləri bölgələrin də təsadüfi olmamasına hakimiyyət strukturları xüsusi diqqət yetirməlidirlər. Gəncə həmişə Azərbaycan Dövlətinin taleyini həll edən bölgə olub, həm müsbət, həm də mənfi mənada. Müstəqil Azərbaycan Dövlətinin qorunması, süqutundan sonra bərpa olunması üçün ən ciddi hadisələr də, Müstəqil Dövlətimizin Rusiyanın təsir dairəsinə salınması üçün 1993-cü il 4 iyun qiyamı da Gəncədə baş verib. Cənub zonasında, o cümlədən Biləsuvarda da İranın təsirinin güclü olmasını heç kim unutmamalıdır. Qonşu dövlətlərin məhz bu bölgəgə birgə iş fəaliyyətini heç kim unutmamalıdır.

Son vaxtlar sadaladığım hadisələrdən miqyas etibarı ilə fərqlənən, ancaq eyni məqsədə qulluq edən digər hadisələr də baş verib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami CəfərovunVopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik” ifadəsi də bilərəkdən, ya bilməyəkdən bu məqsədə qulluq edir. Hesab edirəm ki, irəli sürülən təşəbbüsə bu sahənin peşəkarlarının, başda professor İdris Abbasov olmaqla bu sahədə peşəkar olan digər mütəxəssislərin fikir bildirməsi çox vacibdir.

Sonda Azərbaycan hakimiyyət rəsmilərinin bu məsələlərə açıq münasibət bildirməmələrini qonşularda qıcıq yaratmaması ilə bağlı olduğunu düşünürəm. Bu sahədə DTX-nın son vaxtlar ard-arda cürbəcür bölgələrdə silahlı dəstələri aşkar etməsi, zərərsizləşdirməsi hakimiyyətin bu sahəyə diqqət yetirdiyinin göstəricisidir. Bununla belə, elə hakimiyyət tərəfindən bəslənən çoxsaylı QHT təşkilatlarının fəaliyyətsizliyi başadüşülən deyil və bu sahəyə cavabdeh olanların öz vəzifələrini anlamamasından xəbər verir. Onlar bilməlidirlər ki, bu təşilatlara ayrılan pullar tək QHT rəhbərlərinin hər həftə Qarabağ bölgəsinə aparılıb reklam xarakterli şəkillər paylaşması üçün deyil. Onların əsas vəzifəsi dövlətçiliyin qorunmasında hakimiyyətin edə bilmədikləri etmək və xarici qüvvələrin tələsinə düşən vətəndaşlarımız arasında maarifləndirici işlər aparmaqdır.

 

araz.az xəbər portalı.