Mayın 26-da Azərbaycan Milli Xalça Muzeyində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Zamanın ilmələri” layihəsinin təqdimatı keçirilib.

Muzeyin mətbuat xidmətindən Arazpress.com-a daxil olan məlumata görə,  burada Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun layihə çərçivəsində yaratdığı əsərlərdən ibarət sərgi açılıb. Həmçinin muzeyin Uşaq şöbəsi tərəfindən xalçanın ərsəyə gəlməsinin bütün mərhələlərini əhatə edən “Xalça necə yaranır?” ustad dərsi ilk dəfə təqdim olunub.

Tədbirdə ilk olaraq Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova “Zamanın ilmələri” layihəsi haqqında qonaqlara məlumat verib. Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov, ictimai-siyasi və dövlət xadimi Həsən Həsənov, “Azad Azərbaycan” Teleradio Şirkətinin bədii şurasının sədri Etibar Babayev, Xalq yazıçısı Natiq Rəsulzadə çıxış edərək, Arif Hüseynov yaradıcılığının özünəməxsusluğundan söhbət açıblar.

Xalq rəssamı Arif Hüseynov tədbirin təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Xalça Muzeyinə minnətdarlığını bildirib.
Mərasimdə 3 nömrəli Uşaq-Gənclər və İnkişaf Mərkəzinin dərnək üzvləri məhz bu layihə üçün hazırladıqları rəqs kompozisiyasını uğurla ifa ediblər.

Sonra qonaqlar Arif Hüseynovun “Zamanın ilmələri” sərgisi ilə tanış olublar.
Sərgidə sənətkarın 2024-2025-ci illərdə çəkdiyi, mövzu baxımından biri digərini ardıcıl şəkildə tamamlayan, xalçanın yaranma mərhələlərini əks etdirən 20-dən artıq silsilə rəsm əsəri yer alır.

Arif Hüseynovun xalça sənətinə, milli adət-ənənələrə sevgisini, bağlılığını göstərən əsərləri süni intelektin köməyi ilə süjet xəttinə uyğun hazırlanmış videoçarx vasitəsilə də nümayiş olunur.

Uşaqların milli irsimizə marağını, sevgisini artırmaq və onları məlumatlandırmaq məqsədilə keçirilən “Xalça necə yaranır?” ustad dərsində onlar qoyunun qırxılması, yunun daranması, əyrilməsi, xalçanın toxunması kimi proseslərdə iştirak edirlər.

Sərgi və ustad dərsləri iyunun 26-dək davam edəcək.

araz.az xəbər portalı.