Bakı Ekspo Mərkəzində II Türk Ticarət Sərgisi – Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi keçirilir.

Arazpress.com-a bu barədə verilən xəbərə görə, bu tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “ROK Expo” şirkətinin təşkilatçılığı ilə keçirilir.

Türk Ticarət Sərgisi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasını əhatə edən, ticarət, sənaye, investisiya, texnologiya və xidmət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və bu xidmətlərin dünya bazarlarına çıxarılmasını hədəfləyən, 8 ölkənin dövlət qurumları tərəfindən dəstəklənən mühüm bir platformadır. Bu sərgi türk dövlətlərinin iş dünyasının ən böyük görüşlərindən biri hesab olunur.

Məlumata görə, Beynəlxalq Diaspor Mərkəzi də sərgidə təmsil olunur. BDM-in bu əhəmiyyətli tədbirdə öz guşəsi də var. Sərgi müddətində BDM tərəfindən “Qərbi Azərbaycana Qayıdış” layihəsi çərçivəsində Azərbaycan diasporunun fəaliyyəti və türkdilli ölkələrdə görülən diaspor işləri ictimaiyyətə təqdim olunub.

BDM-nin guşəsində Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, İrəvan Xanlığının bayrağı, türkdilli ölkələrin və tarixdə mövcud olmuş türk dövlətlərinin bayraqları nümayiş etdirilib. Eyni zamanda, Beynəlxalq Diaspor Mərkəzinin fəaliyyəti ilə bağlı məlumatları əhatə edən buklet və flayerlər sərgi ziyarətçilərinə təqdim edilib.

Sərginin ilk günündən etibarən BDM-in guşəsinə ziyarətçilər tərəfindən böyük maraq göstərilib. Sərginin ikinci günündə guşənin təqdimatına Beynəlxalq Diaspor Mərkəzinin Gənclər Departamentinin üzvü Uğur Ağa rəhbərlik edib. Yüksək səviyyəli qonaqların da BDM guşəsinə marağı böyük olub.

Onu da qeyd edək ki, qonaqlar arasında tədbirin təşkilat komitəsinin rəhbərləri, millət vəkilləri, mətbuat nümayəndələri və ictimai elm xadimləri də yer alıb. Bu günkü ziyarətçilər sırasında Şimali Kip Türk Respublikasının Baş naziri Ünal Üstel də olub.

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev cənab Baş naziri guşə ilə tanış edib və Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, Türk Ticarət Sərgisi bir daha sübut edir ki, bu uğurlar ölkə rəhbərimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin və qardaş Türk dövlətləri ilə möhkəm münasibətlərin nəticəsidir.

Baş nazir Ünal Üstel də səmimi münasibətə və Şimali Kipr Türk Respublikasına göstərilən hərtərəfli dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürünü çatdırıb, bu cür sərgilərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.

Görüşün sonunda Baş nazir BDM üzvləri ilə xatirə şəkli çəkdirib, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev tərəfindən isə ona İrəvan Xanlığının bayrağı hədiyyə olunub.

araz.az xəbər portalı.