
İyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü plenar iclaslarında sədrlik Azərbaycandan növbəti dəfə Qazaxıstana keçib.
Arazpress.com bildirir ki, Türk dünyası məsələləri üzrə ekspert İlqar İlkin mövzu ilə bağlı TodayPress TV-yə danışarkən, sədrlikdə hər il bir Türk dövləti üstlənsədə, TÜRKPA Katibliyinin Bakı şəhərində yerləşməsi və beynəlxalq təşkilat statusuna malik olan qurum kimi fəaliyyətinin təsirli olması Azərbaycanı daha çox maraqlandırdığını deyib
Ona görə də, ölkəmiz bu məsələdə quruma rəhbərliyi sadəcə rotasiya qaydasında təhvil alıb, ötürən ölkə olmaqla kifayətlənmir, həm də bu qurumun beynəlxalq bir təşkilat kimi nufuzunun artırılmasına çalışır.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının (TDT) bütün dünyada söz sahibi bir gücə çevrilməsi üçün bu təşkilat çərçivəsində yaradılmış bütün alt qurumların fəaliyyəti bir-birilə sinxron şəkildə əlaqələndirilməlidir. Xüsusilə, qanunvericilik bazasının formalaşmasında və təkmilləşdirilməsində ortaq dəyərlərdən faydalanmaq, onlara əsaslanmaq birliyimzi daha da gücləndirən bir vasitə ola bilər.
Ekspert əlavə edib ki, TÜRKPA-nın əsas məqsədi Türk dövlətləri parlamentlərarası əməkdaşlığı gücləndirmək və genişləndirmək olsa da, digər region ölkələri, o cümlədən Avropa ölkələri ilə qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə də cəhd edilməlidir.
“Biz bəzən Avropa Parlamentinin və ya yaxud digər qurumların ölkələrimizə qarşı qərəzli münasibətinə də rast gəlirik. Zaman-zaman Türkiyə və Azərbaycana qarşı xüsusilə, Avropa Parlamentinin neqativ yanaşmalarına da şahid oluruq. Hesab edirəm ki, bu cür məsələlərdə də vahid mövqe sərgiləmək, konsalidasiyalı bir şəkildə mövqe ortaya qoymaq bizim qurumların da haqqı olmalıdır”, — deyə, o, fikrini yekunlaşdırıb.
araz.az xəbər portalı.