
Bu günə qədər mənə qarşı aparılan murdar qarayaxma kampaniyalarına yüzlərcə dəfə izahat vermişəm və bu yazım bu məzmunda olan sonuncudur. Azərbaycan Xalqının, onun ziyalı təbəqəsi adlandırılanların, xalqlı maariflənməyə yönəldəcək mətbuatın hansı gündə olduğunu çox yaxşı görürəm.
Azərbaycana gəldiyim 1989-cu ildən nə hakimiyyətlə, nə də müxalifətlə hansısa işbirliyində, hansısa partiyada, qruplaşmada olmamışam, əksər vaxtları düşündüklərim əksəriyyət tərəfindən qəbul olunmasa da, düz bildiyim fikrimdən dönməmişəm və uzun illər bu mövqeyimdə qaldığıma da peşman deyiləm, əksinə, çox məmnunam. Bu illər ərzində nə qədər çətin olsa da, təmənnasız Dövlətimin və Xalqımın maraqlarına xidmət etmişəm. Bu fəaliyyətimdən isə ziyan çəkən ancaq özüm və ailəm olub.
Siz şahidsiniz ki, hakimiyyətdə təmsil olunan ayrı-ayrı vəzifəli şəxsləri müxtəlif vaxtlarda üstümə Fuad Muradov, Ata Abdullayev kimi əlaltılarını hürdürüblər, atmadıqları murdar böhtanlar qalmayıb. Bacardığım qədər mübarizə aparsam da çox şeyə nail ola bilməmişəm və inanın ki, o dövrlər həyatımın ən ağır vaxtları olub. Mənə ən çox təsir edən özümlə bağlı olan iftiralar yox, ailə üzvlərimin keçirdikləri stresslər olub. Bu gün də onlara çox minnətdaram ki, mənim sözümü eşidib düşmənləri sevindirəcək səhv addımlar atmayıblar. Həmişə olduğu kimi, bu dəfə də, Uca Allah məni qoruyub üstümə buraxdıqları sonra öz sahiblərinə də qayıdıblar. Bu hamınızın gözünüz qarşısında baş verib. Həmin tulaları bəsləyənlər məcbur olub onları layiq olduqları yerlərə göndərdilər və əminəm ki, elə onlar azadlığa çıxdıqdan sonra öz sahiblərindən mənim qisasımı da alacaqlar.
Bu yerdə hökmən bütün Azərbaycanı maraqlandıran bir sualın da cavabını vermək istəyirəm. Uzun illərdir ki, hamı baş sındırır ki, Aslan İsmayılov kimin adamıdır, onu qoruyan kimdir?! Artıq bu yaşımda da hamıya bir daha bildirirəm ki, məni Uca Allah qoruyub, çünki bu uzun illər göstərdiyim fəaliyyətimdə heç vaxt şəxsi marağımı güdməmişəm. Daim Dövlətimin müstəqilliyinin qorunmasına və vətəndaşlarımızın səhv yollara yönlədirilməməsinə çalışmışam. Həyatımın ən ağır illərində 3 dəfə cinayətkar kimi məhkum olunanda, onlarla məhkəmələrdə süründürüləndə də şəxsi mənafeyimi yox, Dövlətimi düşünmüşəm. Bir çox kritik hallarda həyatımı cəhənnəmə döndərən hakimiyyəti də müdafiə etmişəm. Yaxşı işlərini müsbət, mənfi işlərini isə mənfi qeyd etmişəm.
Bu yerdə ikicə faktı qeyd edim. Təxminən 2010-cu ildən Ziyalılar Forumunun formalaşmasında ən yaxından iştirak etmişəm və öndə olan üzvlərindən biri olmuşam. Ancaq təxminən 2011-ci ildə Rusiya tərəfindən Milyarderlər İttifaqının yaradıcılağını və Ziyalıların Forumunun Milli Şura ilə əvəz edilib hakimiyyətin devrilməsinə cəhd olacağını bildikdə buna qarşı müqavimət göstərmişəm. Sonuncu dəfə 2012-ci ildə Ziyalılar Forumunun aparıcı şəxslərin iştirakı ilə olan yığıncağında son çıxışım olub. Həmin çıxışda bildirmişəm ki, 1988-ci il Azərbaycanda Xalq Hərəkatı başlayanda bu xalqın ziyalıları xalqı dövlət nə olduğunu anlamayanlarla baş-başa buraxdı və xalq yazıq günə qaldı. İndi xalq yenidən ziyalılara inanmağa başlayıb, bu dəfə də bu qurumu siyasətə çəkməklə xalqı uçuruma aparıb onun son ümidini də öldürməyin. Bundan sonra çoxlarında sual doğuran səssizliklə oradan getdim.
2019-cu illin əvvəllərindən dünyada gedən geosiyasi vəziyyəti görüb daim hamını şəxsi mənafeyi kənara qoyub Qarabağ haqqında düşünməyə, müharibəyə hazırlaşmağa çağırmışam (facebook.com/Aslan.Z.Ismayilov/videos/2198412130226491). Həmin vaxtlarda da Prezident İlham Əliyevin adamı kimi onun hakimiyyətinin uzadılmasına çalışdığımı, xalqı aldatdığımı və bu hakimiyyətin heç vaxt Qarabağı azad etmək üçün müharibə başlamayacağını yazıb kütləvi şəkildə təhqir ediblər. Diqqətli izləyicilərin yadında olar ki, həmin vaxtlar da il boyu məni təhqir edib “Paşayevlərin adamı” kimi təqdim edənin atası elə onlardan mənzil aldı.
Son illər səhhətimlə bağlı yazılarımın sayı azalsa da, tutduğum yoldan çəkinməmişəm və ölənə qədər də çəkilməyəcəm. Sadəcə olaraq, bu dövrlər Dövlətimiz ətrafında çox böyük və çirkin oyunların getdiyini bildiyimdən hakimiyyət təmsilçilərinin qanunsuzluqlarına olan iradlarımı əsasən sosial şəbəkələrdən yox, birbaşa rəhbər şəxslərin özlərinə çatdırıram.
Uzun illərdir aparılan qarayaxma kampaniyası heç də təsirsiz ötüşməyib. Bu gün də, xüsüsən gənc nəslin nümayəndələrinə məni Sumqayıt hadisələrinin günahkarı kimi təqdim etmək istəyən yaramazlar var. Bir daha təkrar edirəm ki, uzun illər çəkdiyim zülmlərin əsasında məhz mənim 1989-cu ildə Bakıda keçirilən Sumqayıt prosesində iştirakım və gördüklərim əsasında həmin hadisələrin Moskva tərəfindən təşkil edilib həyata keçirilməsini, Xalqımıza xaincəsinə böhtan atılmasını dünyaya yaymağım olub. Heç kimdən çəkinmədən deyirəm ki, bu mübarizəni Sovet hakimiyyətinin varlığı dövründən bu günə təkbaşına aparmışam. 2010-cu ildə Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı kitabını yazıb onu azərbaycan, rus, türk, ingilis, alman, fransız dillərində on minlərlə bütün dünyaya yaymışam və yaymaqda davam edirəm. Həmin hadisələrdə güllələnən rəhmətlik Əhməd Əhmədovun adını da ilk dəfə həmin proses zamanı onun 1988-ci ilin sonunda mənim iştirakım olmadan Moskvada keçirilən məhkəməsində vəkili olmuş rəhmətlik Əsədağa Abdullayevdən eşitmişəm və onun haqqında olan qanunsuzluq barəsində də hər yerdə demişəm və deyirəm. Çox təəssüf edirəm ki, bu qədər aşkar və acı faktdan da bəzi murdarlar bu gün də əleyhimə istifadə edirlər.
Ədalət naminə onu da xüsusi olaraq qeyd etməyi vacib bilirəm ki, 1989-cu ildən bu günə qədər apardığım fəaliyyətlə bağlı dəfələrlə qətlə yetirilə (dəqiq bildiyim odur ki, Hacı Məmmədovun mənim qətlə yetirilməm barədə qərarı olub) və həbsə atıla bilərdim. Uca Allahın məni qorumasından başqa rəhmətlik Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev dəfələrlə bu tip cəhdlərin qarşısını alıblar, çünki onlar 1993-ci il Milli Məclisdə etdiyim çıxışımdan bəri məni diqqətlə izləmişlər və həqiqi niyyətimin nə olduğunun hamıdan yaxşı bilmişlər. Artıq uzun illər gördüklərimdən sonra qətiyyələ deyirəm ki, hər ikisinin həyatlarının mənası müstəqil Azəybaycan və onun daimiliyi olub. Əminəm ki, sabah İlham Əliyev mənə münasibətinə dəyişsə elə bu gün hakimiyyətdə olanların bəziləri də sevə-sevə məni həbsə atarlar.
Sonda bir daha ailə üzvlərimə bu uzun illər boyu məni heç kimin qarşısında közükölgəli olmağa qoymadıqlarına və mənə görə üzləşdikləri məhrumiyyətlərə dözmələrinə görə təşəkkür edirəm.
Aslan İSMAYILOV,
hüquqşünas.
P.S. İllər keçsə də heç nə dəyişmir. Vaxtı ilə Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Heydər Əliyev, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi həyatlarını bu xalqa, müstəqilliyimizə həsr etmiş dahilər siyasi tribunalardan təhqir olunanda susan xalqdan mənim təhqir edilməmə reaksiya gözləmək sadəlövhlükdür. Ancaq bu yanaşma dəyişəndən sonra biz arzuladığımız həyatı yaşaya biləcəyik.
araz.az xəbər portalı.