İyulun 5-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Karate Federasiyası və “Arpaçay” İdman Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər Kuboku” turnirinin təntənəli açılış mərasimi baş tutub.

Bu barədə İdman Birliyindən Arazpress.com-a daxil olan məlumatda deyilir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin müstəqil Azərbaycan Respublikasının tarixində oynadığı roldan danışıb. Sonra çıxış edən Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunmasından bəhs edib, 5-ci illiyini qeyd edəcəyimiz Zəfərin tarixi səlnaməsinin gənclərin vətənpərvərlik tərbiyəsindəki önəmini vurğulayıb. Milli Məclisin deputatları Fazil Mustafa və Vüqar Rəhimzadə Azərbaycanda idmana göstərilən qayğıdan və əldə edilən möhtəşəm qələbənin qazanılmasında idmançı gənclərin rolundan danışıblar.

Tədbirdə çıxış edən “Arpaçay” İdman Birliyinin vitse-prezidenti Yavər Hüseynov İdman Birliyinin prezidenti Əli Əsgərovun son illər ölkəmizdə sağlam gənc nəslin yetişməsində xidmətlərinə, o cümlədən karate idman növünün inkişafına göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını çatdırıb.

Daha sonra Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev tərəfindən ölkəmizdə karate idman növünün inkişafında göstərdiyi xidmətlərə görə “Arpaçay” İdman Birliyinin prezidenti Əli Əsgərova V Dan qara kəmər dərəcəsinin fəxri diplomu təqdim edilib.

Fərahim Sadiqin təşkilatçılığı ilə açılış mərasiminin bədii hissəsində müğənni Nurlan Ordubadlı “Yaşa, Azərbaycan” mahnısı, “Xan” qrupu xüsusi kompozisiya və Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ilə çıxış ediblər.

Qeyd edək ki, 3 gün davam edən və uğurla başa çatan “Zəfər Kuboku” yarışında Azərbaycanın paytaxtı Bakı şəhərindən və regionlardan olan 40-dan çox klub və birlikdən 800-ə yaxın uşaq, yeniyetmə və gənc karateçi mübarizə aparıb. Turniri medal sayına görə 1-ci yerdə tamamlayan “Qara brilyant” klubu “Zəfər Kuboku”nun sahibi olub, ikinci yeri FHN komandası, üçüncü yeri isə “Qara qaplan” klubu tutub.

araz.az xəbər portalı.