Aslan İSMAYILOV,
hüquqşünas ———————————————–

Nəhayət, deyəsən regionumuz 200 illik işğaldan sonra Rusiyasız gələcəyə addımlamağa başlayır. Azərbaycan və Ermənistan liderləri arasında Putinsiz Əbu-Dabidə keçirilən 5 saatlıq görüş çox konstruktiv mühitdə keçib. Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi müzakirələr aparılıb. Təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.

Yeri gəlmişkən, Rusiya mətbuatı da yazır ki, Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıdan Moskvaya əliboş qayıdıb. Məlumata görə, İlham Əliyev Rusiya prezidentinin şəxsi nümayəndəsi ilə görüşdən imtina edib. Sözügedən nümayəndə heyətinin Putinin xüsusi mesajını gətirdiyi bildirilirdi.

Baş verənlərin iki müstəqil dövlətin liderlərinin qəbul etdiyi qərar kimi bütün dünya qəbul etsə də Putinin bunu rahat qəbul edəcəyinə inanmıram və ondan istənilən xoşagəlməz addımı gözləyirəm, o cümlədən Ermənistanda yerləşən hərbi bazasından istifadə etməklə Dövlət çevrilişini də.

Hadisələrin fonunda daxili stabilliyin qorunması ən mühüm məsələdir. Birinci növbədə vətəndaşlarımız istənilən haqsızlığa, təxribatlara baxmayaraq bu məqamda çox səbrli və ağıllı davranmalıdırlar. Hamı bilməlidir ki, bu gün Dövlətimizin xoş gələcəyini təmin edən addımlar atılır.

Hakimiyyət təmsilçiləri də anlamalıdırlar ki, stabilliyi zor gücünə deyil, ilk növbədə vətəndaşların maddi rifahının yaxşılaşdırılması, onları gündəlik narahat edən problemlərin aradan qaldırılması ilə nail ola bilərik. Əminəm ki, ilk növbədə xalqına güvənən hakimiyyətə heç bir qüvvə təhlükə mənbəyi ola bilməz.

araz.az xəbər portalı.