İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə işdə təqsirləndirilən şəxs qismində tanınıb.

Arazpress.com bildirir ki, bu barədə, o, iyulun 8-də “Facebook” səhifəsində xəbər verib.

Hüquq müdafiəçisi bildirib ki, ona qarşı iddianı Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev qaldırıb.

Binəqədi Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında hakim Zamiq Bağırov E. Əliyevin şikayəti əsasında iddianın icraata götürülməsinə qərar verib.

Əliyev məhkəmədə Cəfərlinin ona böhtan atdığını və “işgüzar nüfuzuna zərər vurduğunu” iddia edib. O, məhkəmədən Cəfərlinin Cinayət Məcəlləsinin böhtan maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib.

Vəkilin iddiasına görə, Cəfərlinin rəhbərlik etdiyi İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin “Facebook” səhifəsində onun keçmiş müvəkkilinə istinadən yalan məlumat yayılıb. Məlumatda vəkilin hazırda həbsdə olan müvəkkilindən 10 500 manat ödəniş aldığı, buna baxmayaraq söz verdiyi hüquqi müdafiəni etmədiyi və müvəkkilini hədələdiyi yazılıb.

Cəfərli isə deyir ki, sözügedən məlumat onun şəxsi mövqeyi deyil. O, işin icraata götürülməsinin Vəkillər Kollegiyasını tənqid etməsinə cavab olaraq, siyasi sifariş əsasında edildiyini düşünür.

araz.az xəbər portalı.