
“İranın keçmiş Prezidenti Həsən Ruhanin başlatdığı dəyişiklik çağırışı İranda kütləviləşməyə başlayır”.
Arazpress.com bildirir ki, politoloq Xaqani Cəfərli Medianews.az-a açıqlamasında belə deyib. Politoloqun fikrincə, İranın 180 ictimai-siyasi xadiminin Prezident Məsud Pezeşkiana müraciət ünvanlayaraq, köklü dəyişikliklərə çağırması da bunun təsdiqidir:
“Həsən Ruhani bəzən ad çəkmədən, bəzən də birbaşa Seyid Əli Xameneini hədəf alaraq ölkədə dəyişikliklərin qarşısının alınmasında ali rəhbəri ittiham edir. Elə bir vəziyyət yaranmağa başlayır ki, cəmiyyətin tələbi ilə elitanın istəyi üst-üstə düşməyə başlayır. Seyid Əli Xameneinin başçılıq etdiyi azlıq dəyişikliklərə müqavimət göstərsə də, dəyişikliklər qaçılmaz xarakter almağa başlayır”.
X. Cəfərlinin sözlərinə görə, siyasi elitanın böyük bir hissəsi dəyişikliklərin tərəfdarı kimi çıxış etsə də, bu dəyişikliyin nələri əhatə etməsi ilə bağlı aydın fikrin olmadığı da duyulur:
“Bu, Sovet İttifaqının son illərindəki vəziyyəti xatırladır. Sovet İttifaqında da cəmiyyət və elita dəyişikliyin zəruriliyi qənaətinə gəlmişdi, ancaq bu dəyişikliyin nədən ibarət olmalı olduğunu aydın təsəvvür edə bilmədikləri üçün atılan addımlar yarımçıq, bəzən isə əks effektli oldu, dövlət qısa müddətə dağıldı.
Məhdud məlumatların doğurduğu qənaət ondan ibarətdir ki, dəyişikliklərin nələri əhatə etməsi ilə bağlı yalnız Prezident Məsud Pezeşkianın aydın təsəvvürləri var. Qənaətlərim ondan ibarətdir ki, Məsud Pezeşkian Azərbaycan türklərinin ana dilində təhsil haqqının gerçəkləşməsinin təmin edilməsi ilə ölkəni tədricən iki dövlətli federasiyaya doğru aparmağa çalışır.
İranın iki dövlətli federasiyaya çevrilməsi ideyasının İran xaricində də dəstəkçiləri çoxdur. Nüfuzlu ekspertlər və beyin mərkəzlərində belə hesab edirlər ki, farslar və Azərbaycan türkləri istisna olmaqla İranda yaşayan digər xalqların tarixi dövlətçilik ənənələrinin olmaması ilə yanaşı çağdaş milli dövlət quracaq səviyyəyə çatmayıblar. Buna görə də İranın iki dövlətli federasiyaya çevrilməsinin yaranmış vəziyyətdən ən doğru çıxış yolu ola biləcəyini qeyd edirlər.
Digər tərəfdən, İranın parçalanacağı halda Yaxın Şərqdə domino effekti verəcəyi, ən azı 8-10 dövlətin bütövlüyünün pozulacağına səbəb olacağı ehtimalı da İranın federallaşmasını ən doğru yol hesab edənlərin mövqelərini gücləndirir. Avropada qorxurlar ki, Yaxın Şərqdə dövlətlətin çöküşü nəhəng qaçqın ordusu yarada bilər.
Aydın məsələdir ki, bölgəni bürüyəcək xaosdan xilas olmaq istəyənlər ilk olaraq Avropaya üz tutacaqlar. Suriya qaçqınlarının yaratdığı miqrant böhranına dözə bilməyən Avropa 8-10 dövlətdən gələ biləcək qaçqın ordusunu qəbul etmək iqtidarında deyil. Buna görə bir tərəfdən sərhədlərin gücləndirilməsi, miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə yanaşı digər tərəfdən bölgə dövlətlərinin ərazi bütövlüyünün qorunub saxlanmasına çalışırlar.
Avropanın Suriyadakı hakimiyyətə dözümlü yanaşılmasının səbəbi də budur. Ancaq Avropada və bütövlükdə dünyada mütəxəssislər yaxşı bilirlər ki, Yaxın Şərqin taleyi Suriyadan deyil, İrandan asılıdır. İran bölünsə Yaxın Şərqdə hökmən bir neçə ölkə bölünəcək. İranın taleyi də belə görünür ki, Məsud Pezeşkianın aydın və qətiyyətli siyasətindən asılıdır.
İranın federallaşmasının, mərkəzi Təbriz olmaqla Azərbaycan və mərkəzi İsfahan olmaqla fars dövlətinin yaranmasının xalqımızın maraqlarına nə qədər uyğun olması isə ayrı söhbətin mövzusudur”.
araz.az xəbər portalı.