Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor ——————

28 İyul — Ukraynanın Dövlətçilik Tarixi Günüdür. Ukrayna xalqı bu mühüm günü bir ildir ki, dövlət səviyyəsində bayram kimi qeyd edir. Avqustun 24-də Ukraynanın dövlət müstəqilliyinin ildönümü kimi qeyd olunsa da, Kiyev üçün 28 İyul dövlətçiliyin yaranması və Vəftiz Günü, həmçinin Böyük Şahzadə Vladimirin anım Günü kimi əlamətdardır.

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan və Ukrayna əlaqələri çoxəsrlik tarixə köklərə söykənir. Hər iki ölkənin yüzilliklər öncə əsası qoyulan ənənəvi, möhkəm və səmimi dostluq münasibətləri mövcuddur. Dövlət müstəqilliyi əldə edən hər iki respublikanın ikitərəfli əlaqələri Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə Ukraynaya səfərindən sonra əsil inkişaf mərhələsinə qədəm qoymuşdur. Cənab Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfərləri də, bu yöndən mühüm siyasi əhəmiyyət daşıyır.

Vaxtilə millət vəkili olduğum dövrdə Azərbaycan və Ukrayna arasında sarsılmaz dostluğun möhkəmlənməsində yaxından iştirak etmiş, Milli Məclisin Azərbaycan –Ukrayna Parlamentlərarası Dostluq qrupunun rəhbəri kimi, ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərimi əsirgəməmişəm. Cənab İlham Əliyevin möhtəşəm siyasi faəliyyətindən bəhs edən “O, böyük siyasətə hazırdır” kitabım 2003-cü ildə Ukrayna dilində nəşr edilmiş və Ukrayna xalqının ictimai-siyasi elitası arasında yüksək rəğbət doğurmuşdur. 2005-ci ildə Ukraynada nəşr edilən növbəti “Sülh və sabitlik Prezidenti” (“Президент миру та стабiльностi”) kitabım da, ictimaiyyətin geniş marağına səbəb olmuş, böyük oxucu kütləsi qazanmışdılr.

Bu gün Azərbaycan və Ukrayna güclü regional tərəfdaşlar kimi beynəlxalq təşkilatlarda da çiyin-çiyinə dayanaraq,  birgə fəaliyyət göstərir. BMT, Avropa İttifaqı, ATƏT, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. İki ölkə arasında Birgə Bəyannamənin, eləcə də strateji əməkdaşlığın inkişafına dair siyasi sənədlərin imzalanması əlaqələrin yüksək zirvəyə çatması üçün mühüm əhəmiyyət daşıyır.

Dövətçilik tarixinin ildönümü münasibətilə dost və qardaş Ukrayna xalqını təbrik edir, müstəqil dövlət kimi demokratik inkişafında uğurlar arzu edirəm.

 

araz.az xəbər portalı.