
Vüqar DADAŞOV,
siyasi şərhçi ———————————————–
Tarix təkcə təkrarlanmır, həm də qarşıya qoyulan tarix təzyiqin rəsmi üsulu kimi istifadə edilir. Elə, ABŞ Prezidenti Donald Trampın Rusiya Federasiyasına Rusiya — Ukrayna müharibəsinin dayandırılması və atəşkəsin elan olunması üçün verdiyi 50 günlük müddətin sonu da bir tarix idi. Üstəlik, bu müddət konkret 10 günə endirildi. Bu müddətin başa çatmasına isə, demək olar ki, bir həftə vaxt qalıb — daha bir təzyiq tarixi ilə üz-üzəyik. Tramp ABŞ-ın bu müddətdən sonra atacağı addımları daha dərin iqtisadi sanksiya və izolyasiya siyasəti kimi təqdim etsə də, bu faktiki olaraq, qlobal təhlükəsizlik nəbzi kimi qəbul edilir.
Bu ritorika müəyyən mənada XX əsrin ən kəskin geosiyasi qarşıdurmalarından biri olan 1962-ci ildəki Karib böhranını xatırladır. Bəli, tarix yenə təkrarlanır.
1962-ci ilin oktyabrında ABŞ kəşfiyyatı Sovet İttifaqının Kubaya orta mənzilli nüvə başlıqlı raketlər yerləşdirdiyini aşkar etdi. Prezident Con F. Kennedi SSRİ-yə dərhal və qeyd-şərtsiz şəkildə bu raketlərin sökülməsi və geri çəkilməsi üçün ultimatum verdi. Əks halda, ABŞ hərbi müdaxiləyə hazır olduğunu elan etdi və tarixi də açıqladı.
Sovet rəhbəri Nikita Xruşov əvvəlcə Kennedinin ultimatumuna susqunluq nümayiş etdirdi. Sonra ard-arda iki məktub göndərdi. Məktublardan biri sülhpərvər xarakter daşıyırdı, digəri isə, Türkiyədəki ABŞ raketlərinin çıxarılması şərtini irəli sürürdü. Kennedi yalnız birinci məktuba cavab verdi, ikinci məktub isə, diplomatik tərzdə nəzərə alınmadı.
Nəticədə, SSRİ Kubadan raketlərini geri çəkdi, ABŞ isə, gizli şəkildə Türkiyədəki “Jupiter” raketlərini sökdü. Dünya real nüvə müharibəsinin astanasından geri döndü.
Donald Trampın verdiyi 10 günlük müddətə hələ Kremlin cavabı yoxdur. Dünya isə, çox narahatlıqla gözləyir.
Qalan günlər ərzində Rusiya — Ukrayna müharibəsinin atəşkəslə nəticələnməməsi və ya Kremlin bu ultimatumun mahiyyətinə rəsmi cavab verməməsi yeni mərhələnin başlanğıcı ola bilər. Diplomatiyadan kənar təzyiq alətləri — iqtisadi, siyasi və ya kibernetik cəbhələşmələr — tam mümkün hesab edilir.
Tarixçilər deyirlər ki, Xruşov Kennedinin ultimatumuna dərhal cavab vermədi və bu, psixoloji təzyiq və saymazlıq kimi, ABŞ rəhbərini çox narahat və yuxusuz etmişdi. İndi də, Vladimir Putin Xruşovun təcrübəsində olduğu kimi, Trampın ultimatumuna susqunluq nümayiş etdirir. Təbii ki, bu, Trampı çox qıcıqlandırır. Bu, strateji gözləmədir və siyasətdə susqunluq deyilən bir davranışdır. Trampın emosional xarakterini nəzərə alsaq, Putinin psixoloji təzyiqinə qarşı onun vəd etdiyi sanksiya və izolyasiya xəttindən kənara çıxa biləcəyi ehtimalı yüksək görünür.
O dövrlər siyasət gizli diplomatik kanallar və yazışmalarla aparılırdısa, indi siyasət publik və sosial media üzərindən aparılır. Bu vasitə bir növ tərəflərə əlavə təzyiq kimi daha inadkar olmağa, imici qorumağa məcbur edir ki, bu da müəyyən məsələlərin və siyasi qarşıdurmaların həllini əngəlləyir.
Əgər Rusiya – Putin bu 10 günlük müddətdə addım atmasa və ABŞ Prezidenti Trampın iradəsinə qarşı olsa, bu, yalnız diplomatik gərginlik deyil, həm də nüfuz mübarizəsi və liderlik testidir.
Tramp bu müddəti seçməklə həm öz lider imicini, həm də ABŞ-ın qlobal statusunu təsdiqləməyə yönəlik bir gediş edib. Gediş — sərtdir, cavab isə — sükut. Sükut isə bəzən cavabdan daha sərt olur. Avqustun 1-də Lukaşenko ilə Putin arasındakı son görüş və ortaq bəyanatları ABŞ, ümumən Qərb dünyası və bəzi qüvvələr qarşısında meydan oxuma mesajını ehtiva edir. Bir də ki, 2023 – 2024-cü illərdə Rusiya Belarusa taktiki nüvə silahları yerləşdirib və bunların istifadə hüququ Belarus tərəfinə verilib.
Putin 2025-ci ilin martında bəyan edib ki, Rusiyanın hipersəsli “Oreshnik” raketi Belarusda yerləşdiriləcək və məqsədini Minsk müəyyən edir. Lukaşenko və Putinin son görüşündəki açıqlamalar yeni böyük müharibə anonsları və xəbərdarlığı kimi qəbul edilir.
Ehtimal edirəm ki, əgər Tramp Putindən bu müddət daxilində cavab almasa, onun reaksiyası təkcə qeyd etdiyim kimi daha dərin iqtisadi sanksiyalar və izolyasiya olmaya bilər. Əlbəttə ki, ABŞ-ın Rusiyaya birbaşa hərbi müdaxiləsi inandırıcı deyil. Ancaq Ukraynanın ABŞ-ın istəyi və iradəsi ilə Rusiyaya sarsıdıcı hərbi hücum ehtimalı yüksəlir.
…1962-ci ildə Kennedi –Xruşov qarşıdurmasında müdriklik üstün oldu. 2025-ci ildə Tramp isə artıq ultimatum verib və müddətin başa çatmasına saylı günlər qalıb. Putinin cavabı və Trampın reaksiyası, bəlkə də, təkrarlanan tarixin tamamilə yeni bir səhifəsini açacaq.
araz.az xəbər portalı.