Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor ——————-

Son dövrlər Bakı ilə Moskva arasında yaşanan gərginlik təkcə diplomatik səviyyədə deyil, həm də siyasi-ictimai sektorlar dərinliklərində də müşayiət olunmaqdadır. Azərbaycanın təyyarə qəzasından sonra Rusiyadan kompensasiya tələb etməsinin qarşılığında, Kreml bu legitim tələbə qarşı məsuliyyətsiz davranış nümayiş etdirdi. Bu bir yana, indi də qonşuluq və bərabərhüququlu əməkdaşlıq ruhuna zidd addımlar sərgiləməkdədir. Bütün bunlar onu deyir ki, Rusiya ilə strateji müttəfiqlik bizə lazım deyil.

Siyasi meydanda müşayiət olunan hadisələrin bu detalları da deyilənlərin təsdiqidir:

— Rusiya beynəlxalq praktikada mövcud olan bütün presedentlərə qarşı çıxmaqla, öz riyakarlığını nümayiş etdirir. Necə ki, qardaş Türkiyə ilə Azərbaycan oxşar hadisəyə görə, vaxtilə Rusiyaya kompensasiya edib;
— Birinci Pyotrun varisləri ənənəvi xislətlərinə sadiq qalaraq, xoşagəlməz tarixi psixologiyaya və “siyasi irsə” söykənməklə, həqiqi qonşuluğa və strateji müttəfiqliyə layiq olmadıqlarını göstərir;
— Yekaterinburqda 2001-ci ildə baş vermiş “cinayət” ətrafında ekstremizm və zorakılıq törədən rus polisi bütün hüquqi çərçivələri tapdalayır, çoxəsrlik qonşuluq əlaqələrinə birbaşa xələl gətirir;
— Azərbaycanlı tanınmış iş adamlarının, kiçik sahibkarların məqsədli şəkildə incidilməsi, fiziki zorakılığa məruz qalması heç bir müttəfiqlik, yaxın qonşuluq ruhuna sığmır. Heç bir ölkədə miqrantları döyüb, öldürmürlər. Bu, açıq nifrətin, şovinizmin inkaredilməz nümunəsidir;
— Məşhur jurnalist Mixail Qusmanın Xankəndidə verdiyi suallara görə işdən çıxarılaraq, çəzalandırılması da heç bir mədəni-etik, əxlaq çərçivəsinə sığmır. Bu, sadəcə acizlik əlamətidir;
— Xankəndi şəhərində erməniəsilli rəssam İvan Ayvazovskinin abidəsinin sökülməsinə görə, bu şəhərimizi Stepanakert kimi təqdim etmək, özü də, bunu, görkəmli ziyalı Mixail Qusmanın uzun illər rəhbərlik etdiyi və əsassız yerə uzaqlaşdırıldığı TASS informasiya agentliyində yayımlamaq açıq təxribat nümunəsidir;
— Baxmayaraq ki, agentlik səhvində düzəliş etdi, ancaq, yenə də, Dağlıq Qarabağ ifadəsinə yer verməklə, öz dediklərinə haqq qazandırmağa çalışanlar var;
— Azərbaycanda, elə paytaxt Bakının özündə onlarla Rusiyalı alim, şair və incəsənət xadiminin heykəli, abidəsi var, Azərbaycan onları öz irsi kimi qoruyur. Lakin Xocalı qətliamını törətmiş ermənilərin fəxri sayılan bir rəssamın Xankəndidə abidəsinin olması heç bir məntiqə sığmır. İrəvanda, Gümrüdə, Zəngəzurda… bir azərbaycanlı şair, yazıçı və rəssamın abidəsi olmadığı halda, Azərbaycanın bu düzgün addımına Rusiyanın etirazı tam əsassızdır;
— Ukraynaya humanitar yardım, yanacaq təminatı göndərən Azərbaycanın bu xeyirxahlığı da, Moskvanı çox qəzəbləndirir. Oradakı Azərbaycan biznes mərkəzlərini bəhanələrlə bombalayır;
— Ümumiyyətlə, Kreml Azərbaycanın daxili işlərinə, müstəqil xarici siyasətinə qarışmağı vacib hesab edir;
— Zatulinlər, solovyovlar… ekstremist şüarlarla, əslində, Kremlin mesajlarını bizə çatdırırlar. Belə müttəfiqlik düzgün deyil və bizə lazım da deyil…

Azərbaycan müstəqil dövlətdir və bütün qonşuları ilə, o cümlədən, Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq etməyə çalışır. Əgər kimsə özünü daha üstün hüquqda görürsə, imperiya təfəkkürü ilə davranırsa, bu acı xislətin zərərini özü görür və görəcək də. Əgər Rusiya bu cür davam edəcəksə, hesab edirəm ki, 2022-ci ildə imzalanmış Strateji Müttəfiqlik haqqında Sazişə mütləq və mütləq yenidən baxılmalıdır.

araz.az xəbər portalı.